Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022”-yə start verib. Bu məqsədlə ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Cəlilabad Tibb Kollecində insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün  maarifləndirmə aksiyaları keçirilib, müayinələr aparılıb. Tədbirlərdə 350-dən artıq müəllim, tələbə və təhsil ocaqlarında texniki sahədə çalışan işçilər sağlam həyat tərzləri barədə məlumatlandırılıblar. Universitet və kollecdə tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu)  mühazirələr oxunub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Eyni zamanda, təhsil müəssisələrində münasib yerdə quraşdırılan informasiya guşəsində tələbələr həkimlərin təcrübəsindən yararlanıblar. Onlara İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

Bu tədbirlər zaman-zaman RQMM-in və onun bölgələrdəki laboratoriyalarının təşkilatçılığı ilə ölkəmizin hər yerində təşkil ediləcək.

Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kütləvi maarifləndirmə tədbiri kimi, hər il 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində – noyabrın son həftəsində qeyd edilir. RQMM bu təşəbbüsə kollektiv şəkildə qoşulur. “Avropa İİV-ə testləşmə həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS  (UNEYDS) üzrə Birləşmiş proqramının birgə təşəbbüsü ilə keçirilən kampaniyadır. Bu həftə ərzində ÜST-ün Avropa zonasının bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları təşkil olunur. Aksiyaların məqsədi regionda daha çox insanın İİV infeksiyasına münasibətdə özünün statusu barədə öyrənə bilməsi və bu xəstəliyin diaqnostikasında gecikmə probleminin minimuma endirilməsidir. Strateji planda “Avropa İİV-ə testləşmə həftəsi” erkən diaqnostika və müalicənin başlanması hesabına virusun sonradan ötürülməsinin qarşısını almaqla İİV infeksiyası epidemiyasına son qoymaq məqsədini güdür. Testləşmə kampaniyası kimi xeyirxah təşəbbüs 2013-cü ildə yaranıb və bu, hamı tərəfindən qəbul edilmiş Avropa hadisəsi sayılır.

No comment

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *