Azərbaycan İİV-lə mübarizə sahəsində öncül mövqeyə malikdir

İİV-ə yoluxmuş xəstələrin antiretrovirus preparatlarla müalicəsi keçən əsrin sonuna təsadüf edir. Həmin dövrdə İİV-li şəxslərin müalicə arsenalının zəngin olmaması ilə yanaşı, onun tətbiqində respublika mütəxəssislərinin də təcrübəsi aşağı səviyyədə idi. 1996-cı ildə qəbul edilən “İİV-in törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması haqqında” qanunda İİV-li kontinqentin müalicəsinə dair maddələrdən görünür ki, dünyanın tibbi ictimaiyyəti etiotrop müalicənin axtarışındadır. Lakin, artıq 08.11.2001-ci il tarixli Səhiyyə Nazirliyinin 112 saylı əmrilə təsdiq edilmiş Əsasnamədə, Mərkəzin strukturunda ambulator yardım və stasionar şöbələr nəzərdə tutulur. Həmin şöbələr rəsmi mövcud olmalarına baxmayaraq, o dövrdə lazımınca təşkil və təchiz olunmayıb. Yalnız 2006-cı ildə Əsasnamə üzrə tam güclü müalicə bölmələri təşkil edilib.

Hal-hazırda respublika üzrə aşkar edilmiş bütün xəstələr epidemioloji nəzarət qaydasında araşdırma keçdikdən sonra, ambulator yardım və dispanser müşahidə şöbəsinə təqdim olunur, müayinədən keçirilərək, tibbi diaqnozu və müalicəsi təyin edilir və İİV infeksiyasının mərhələsindən asılı olmayaraq, xəstəyə antiretrovirus terapiyası başlanılır.

Məlum olduğu kimi, İİV infeksiyası insanın immun sisteminə dağıdıcı təsir göstərdiyindən, müalicə aparılmadıqda xəstə adi vaxt rast gəlmədiyi xəstəliklərə tutulur və onların ağır fəsadları ilə üzləşir. İİV-li xəstələrə ixtisaslı tibbi məsləhətləşmə və yardımın göstərilməsi məqsədilə, şöbənin ştat cədvəlinə terapevt, ftiziatr, pediatr, stomatoloq, EKQ və şua-diaqnostika (USM) mütəxəssisləri daxil edilib. Ambulator yardım göstərilərkən və ya dispanser müşahidə çərçivəsində monitorinq müayinəsi aparılarkən, xəstələr həmin ixtisaslı mütəxəssislərin müayinələrindən keçirilir və göstəriş olduqda, müvafiq profilli tibb müəssisələrinə göndərilir.

İİV-li xəstələrin psixofizioloji gərginliyinin aradan qaldırılması məqsədilə, Mərkəzdə psixoloq kabineti fəaliyyət göstərir. Xəstəyə yanaşma, müalicəyə sadiqliyin artırılması, onun dəstəklənməsi, zərərli adətlərdən çəkinməyə istiqamətləndirmədə psixoloq yardımı əvəzsiz vasitə rolunu oynayır. İİV-li xəstələr üçün təşkil edilən ambulator yardım və dispanser müşahidə sistemi onların hərtərəfli və mütamadi tibbi nəzarətdə saxlanılmasına təminat verir.

Qeyd etməliyik ki, ölkəmiz aşkar olunmuş hər bir xəstəni İİV-infeksiyasının gedişat mərhələsindən asılı olmayaraq etiotrop müalicə ilə təmin edən ilk ölkələrdən biridir. 2016-cı ildən tövsiyələrə uyğun şəkildə antiretrovirus terapiyası qəbul edən hamilədən İİV-ə yoluxmuş körpənin anadan olmasını qeydə alınmamışdır. Bu isə İİV-in anadan uşağa ötürülmə yolunun tam kəsilərək, aradan qaldırılması deməkdir.

İİV-ə yoluxmuş xəstələrin müalicəsinə gəldikdə qeyd olunmalıdır ki, respublikamız ÜST-ün 2020-ci ilin sonuna təyin etdiyi “90-90-90” hədəfinin dəf edilmə nailiyyətinə ən yaxın mövqelərdən birini tutur.

İİV-in yayılmasının təmərküzləşmiş mərhələdə dayandırılması, aşkarlanan xəstələrin dərhal müalicəyə cəlb olunması və bu müalicənin regional ART mərkəzləri vasitəsilə onlara yaxınlaşdırılması imkanlarımızın mövcudluğu İİV-lə mübarizə sahəsində ölkəmizi öncül mövqelərə ucaldır. Lakin, hesab edirik ki, İİV infeksiyasına tam qalibiyyət üçün əsas şərt – hər bir kəsin İİV-in profilaktikası sahəsində zəruri bilik səviyyəsinə malik olmasıdır, onun İİV infeksiyası qarşısında qorxu hissi deyil, onunla mübarizə haqqında biliyə malik olmasıdır. Yalnız bu yanaşma tərzi bu infeksiyanı aramızdan tam silə bilər.